Tütünün vətəni Ekvadordur.
Kolumbun səyahəti zamanı ispanlar Kubada yerli hinduların tütün çəkdiklərini müşahidə edirlər. Yaxından tanış olandan sonra görürlər ki, çəkilən şey burulmuş quru yarpaqdan ibarətdir. Hindular çəkdiklərinə «tabako» deyirdilər. Hinduların bu adəti haqqında məlumat 1496-cı ildə Avropaya çatır. Məlumatı yayan rahib R.Pano deyir ki, hindular kələm yarpaqlarına oxşar yarpaqlan burub çəkirlər. Bununla yanaşı onlar bu yarpaqları həm iyləyir, həm də çeynəyirdilər. O zamanlar tütünü yalnız kişilər çəkirdilər.
1556-cı ildə Cənubi Amerikada fransız ekspedisiyasının tərkibində olan missioner A.Tave Parisə tütün toxumu (fransızca «peten» deməkdir) gətirir. O, Peruda — Maranyen çayı sahili boyunca yaşayan hinduların tütünü necə çəkdiyini müfəssəl təsvir edir. Onun təsvirinə görə quru tütün yarpaqlarını çubuğa bənzər şəkildə palma yarpağına bükürlər.
1558-ci ildə tütün toxumlarını Portuqaliyaya gətirir və onu həm təsirli, həm də faydalı müalicə vasitəsi kimi becərməyə başlayırlar.
1560-cı ildə fransız elçisi Jan Niko (Nicot) Lissabondan gözəl bir bitki kimi tütünü Parisə göndərir. Bu, Avropanın tütünlə tanışlığında mühüm rol oynayır. Fransız botaniki Daleşan özünün «Bitkilərin tarixi» əsərində bu bitkini ilk dəfə təsvir edir və onun adını «Nicotina» qoyur. Bu adı Karl Linney də qəbul edir və onu öz təsnifatına salır. Beləliklə, tütün Fransada yayılır. Sonra o, sərhədləri aşıb, başqa ölkələrə də keçir.
V Karlın əsgərləri tütün çəkmək adətini Almaniyada öyrənirlər. Çox keçmir ki, görkəmli dənizçi V.Raley tütün çəkməyi İngiltərə əhalisi arasında dəb salır. Tütünü, qəlyanı əvəz edən gil borucuqlar vasitəsi ilə çəkməyə başlayırlar. İngilislər 1606-cı ildə özləri ilə Türkiyəyə tütün gətirirlər. Bitki burada özünə yeni, əlverişli məskən tapır.Hazırda Türkiyə yüksək keyfiyyətli tütün yetişdirən və ixrac edən ölkələrdən biri sayılır. 
Tütün çəkmək dəbi tütünə olan tələbatı get-gedə artırır. Beləcə, yeni tütün plantasiyaları salınır. 1615-ci ildə Hollandiyada da tütün plantasiyaları meydana gəlir.İspanlar 1630-cu ildə Avropada tütünü qoxulamaq adətini dəb salırlar. Çox keçmir ki, bu adət Fransaya da yayılır.

Tütün çəkmək adəti uzun və ziddiyyətli bir yol keçmişdir. Onun müdafiəçiləri də olmuşdur, əksinə çıxanları da. Əlbəttə, tütün orqanizmin düşmənidir. Məşhur alman yazıçısı Höte belə demişdir: «Oxumuş adam tütün çəkməz».
Bu barədə İngilis kralı Ceymsin də gözəl bir fikri vardır. «Tütün çəkmək göz üçün acı, burun üçün nifrət, döş üçün zərər, ciyərlər üçün təhlükəlidir».
Maraqlıdır ki, böyük yazıçımız Əbdürrəhim bəy Haqverdiyev qəhrəmanlarından birinin dili ilə tütün haqqında belə deyir: «Qəlyan, əl yan, can yan, cib yan».
XIX əsrin ikinci yarısına qədər küçələrdə və ictimai yerlərdə tütün çəkmək qadağan edilirdi. Rusiyada tütün çəkməyə qarşı çox ciddi qadağalar var idi. Hökumətin 1634-cü ildəki qərarına görə, tütün çəkənlərin burunlarını eybəcər hala salır, bəzən isə hətta kəsirdilər. Ən ağır cəza tütünə qurşananların uzaq Sibirə sürgün edilməsiydi. I Pyotr 1697-ci ildə fərman verərək tütünün becərilməsinə və istehlakına böyük sərbəstlik verdi. Beləliklə, 1715-ci ildə I Pyotrun fərmanı ilə Xarkov yaxınlığında Rusiyada ilk tütün fabriki yaradıldı.
XVIII əsrin axırıncı rübü tütün sənayesinin yaranmasında xüsusi mərhələ sayıla bilər. Beləki, 1880-ci ildə Şlottman adlı kapitalist Almaniyanın Hamburq şəhərində siqaret istehsal edən ilk fabriki yaradır. Alman mütəxəssislərinin köməyi ilə 1852-ci ildə Rusiyada «Laferi» adlı tütün firmasının əsası qoyulur.
1876-cı ildə bu sahə üçün maşın ixtira olunur. Nəticədə Almaniyanın bir sıra yerlərində tütün fabrikləri açılır.

: 11 Haziran 2016 Cumartesi